Bu qanun azərbaycan respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və azərbaycan respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
Maddə 61. Hərracların hazırlanması və keçirilməsi
61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
61.3. Sifarişə aşağıdakılar əlavə edilir:
61.3.1. icra sənədinin surəti;
61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;
61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər;
61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.
61.4. Uzunmüddətli icarə hüququ hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılar da əlavə edilir:
61.4.1. icarə müqaviləsinin surəti;
61.4.2. icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti;
61.4.3. tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti.
61.5. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılarda əlavə edilir:
61.5.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
61.5.2. tikintiyə icazənin surəti.[86]
61.6. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satılması zamanı icra məmurunun sifarişinə əlavə edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.[87]
Maddə 62. Hərracın keçirilməsi müddətləri və qaydası
62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.